ELM VƏ TƏHSİL
Botanika İnstitutu bitki müxtəlifliyinin mühafizəsi üzrə beynəlxalq əməkdaşlığı möhkəmləndirir
Bakı, 17 dekabr, AZƏRTAC
Böyük Britaniyanın Kyu Kral Botanika Bağının Minilliyin Toxum Bankı Tərəfdaşlığının (MTBT) Qafqaz üzrə yeni əlaqələndiricisi Aisyah Faruk Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, səfərin məqsədi Botanika İnstitutu ilə MTBT arasında 2012-ci ildə bağlanmış memorandumun müddətinin uzadılması və yeni memorandumun imzalanmasının müzakirəsi olub.
Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə ilə görüşən qonaq 2013-2015-ci illərdə Azərbaycanın yabanı bitki növlərinin mühafizə edilməsi məqsədi ilə həyata keçirilən “Qafqaz florasının mühafizəsi: “Azərbaycanın yabanı bitki növlərinin toxumlarının toplanması” layihəsi üzrə aparılan işlər və əldə olunan nəticələrlə tanış olub. Bu layihənin 2016-2019-cu illərdə davam etdirilməsi imkanları, həmçinin Azərbaycanın yox olma təhlükəsi altında olan qiymətli ağac növlərinin qorunması istiqamətində yeni “Ağac Toxum Layihəsi”nin (2016-2019) həyata keçirilməsi üzrə iş planları müzakirə edilib.