İDMAN
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ölkəmizdə boccia idman növünün inkişafına dəstək verir
Bakı, 10 yanvar, AZƏRTAC
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ölkəmizdə boccia idman növünün inkişafına dəstək məqsədilə tanınmış britaniyalı məşqçi Metyu Kendrikin Bakıya ikigünlük səfərini təşkil edib.
AZƏRTAC xəbər verir ki, yanvarın 10-da Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) ofisində qurumun baş katibi Kamal Məmmədov səfirliyin nümayəndələri və boccia üzrə İsveç millisinin britaniyalı baş məşqçisi Metyu Kendrik ilə görüşüb.
Görüşdə ikigünlük səfər çərçivəsində görüləcək işlər geniş müzakirə olunub. Qeyd edilib ki, yanvarın 10-11-də həm yerli boccia məşqçiləri, həm də idmançıları üçün Ramanada yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 nömrəli Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində təlim-məşq toplanışı keçiriləcək. Bundan başqa, boccia idmanı haqqında bir neçə maarifləndirici videolar səfirliyin rəsmi səhifəsində paylaşılacaq. Buraya boccianın qaydaları və tarixi, Azərbaycanda bu idman növü ilə məşğul olanların həyatında müsbət dəyişikliklər, məşqçi və idmançıların M.Kendrikin səfərindən nələr öyrəndikləri haqqında qısa videolar daxildir. Məqsəd idmanın bu növünə diqqəti cəlb etmək və sağlamlıq imkanları məhdud şəxslər arasında bu idmana qoşulmaq üçün stimul yaratmaqdır.
Qeyd edək ki, boccia idman növü ilə əzələ distrafobiyası və uşaq serebral iflic əlillik dərəcəsi olan idmançılar məşğul olur. Azərbaycanda boccia idman növünün inkişafına altı il əvvəl başlanıb. 2018-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bu idman növü üzrə federasiya yaradılıb. Federasiyanın vitse-prezidenti Vüqar Əsgərov, baş katibi və komandanın baş məşqçisi İlham Məhərrəmovdur.