SİYASƏT
“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı ilə Aralıq Dənizi Ölkələri Parlament Assambleyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur
Bakı, 28 mart (AZƏRTAC). Azərbaycan Respublikası Milli Məclisinin deputatı, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov Aralıq Dənizi Ölkələri Parlament Assambleyasının Baş katibi Sergio Piazii ilə görüşmüşdür.
F.Muradov AZƏRTAC-a bildirmişdir ki, görüşdə Milli Məclis ilə Aralıq Dənizi Parlament Assambleyası arasında əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur. Söhbət zamanı, həmçinin Avronest Parlament Assambleyasının və Aralıq Dənizi Parlament Assambleyasının enerji təhlükəsizliyi komitələri arasında gələcək əməkdaşlıq imkanları da nəzərdən keçirilmişdir.
F.Muradov rəhbərlik etdiyi “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının fəaliyyəti barədə məlumat vermiş, gələcək əməkdaşlıq üçün təkliflər irəli sürmüşdür. Yaxın gələcəkdə bu təşkilatlar arasında əməkdaşlığa dair memorandumun imzalanmasının vacibliyi vurğulanmışdır.
Baş Katib S.Piazii təqdim olunan təkliflərin və gələcəkdə real layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirmişdir.