ELM VƏ TƏHSİL
Böyük Qafqazın şimal-şərq yamacının orta dağlıq hissəsinin müasir ekocoğrafi problemləri ilə bağlı tədqiqatlar aparılır
Bakı, 20 sentyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun ekocoğrafiya şöbəsinin əməkdaşları “Böyük Qafqazın şimal-şərq yamacının orta dağlıq hissəsinin müasir ekocoğrafi problemləri (2011-2014-cü illər)” mövzusu ilə əlaqədar Quba rayonunda elmi ezamiyyətdə olmuşlar.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, ezamiyyət müddətində tədqiq olunan ərazidəki təbii və antropogen pozulmalar yerində müşahidə edilmiş, meridianal (Altıağac, Quba və Qusar ərazisində) və hündürlük istiqamətləri üzrə qabaqcadan seçilmiş yarımstasionar meydançalarda fitokütlə ehtiyatı növbəti dəfə hesablanmışdır. Buradakı təbii və antropogen mənşəli dinamik proseslər üzərində müşahidələr davam etdirilmiş, bəzi sürüşmə yerlərində deformasiyaya məruz qalmış qruntun kütlə ehtiyatı hesablanmışdır. Müvafiq sahələrin fotoşəkli və ilkin variantda sxemləri çəkilmişdir.