SİYASƏT
BRÜSSEL VƏ HAAQA ŞƏHƏRLƏRİNDƏ 20 YANVAR FACİƏSİNİN 18-Cİ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR BROŞÜRLƏR YAYILMIŞDIR
AZƏRTAC xəbər verir ki, yanvarın 15-də Hollandiyada fəaliyyət göstərən “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi Brüssel və Haaqa şəhərlərində 20 Yanvar faciəsinin 18-ci ildönümü ilə bağlı xüsusi broşürlər yaymışdır.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, Azərbaycanın Benilüks ölkələri üzrə səfirliyinin I katibi Fuad Hümbətovun hazırladığı broşürlər Avropa Parlamentinə, Niderland Krallığının Parlamentinə və digər beynəlxalq təşkilatlara təqdim olunmuşdur.
Sənədlərdə qanlı Yanvar faciəsinin tarixi, səbəbləri, yüzdən çox dinc vətəndaşın həlak olması, yüzlərlə insanın yaralanması barədə məlumatlar əksini tapmışdır. Sənəddə, həmçinin bu qanlı hadisənin təqsirkarlarının qınanılması və cəzalandırılması tələb olunur.