REGİONLAR
Bu il Füzulidə 30 tondan çox barama istehsal olunacaq
Füzuli, 22 may, AZƏRTAC
Bu il Füzuli rayonunda 30 tondan artıq barama istehsalı nəzərdə tutulub. Bunun üçün Qax Damazlıq İpəkçilik Stansiyasından 730 qutu (13 min 870 qram) ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olmaq istəyən 300-ə yaxın ailəyə paylanılıb.
AZƏRTAC xəbər verir ki, Füzuli rayon rəhbərliyi Qazaxlar, Əhmədalılar, Böyük Bəhmənli və Bala Bəhmənli kəndlərində ipəkqurdu saxlayan kümçülərlə görüşüb, onlarla söhbət edərək məsləhət və tövsiyələr verib. Bildirilib ki, baramaçılıq 1970-1980-ci illərdə Füzuli rayonunda ən inkişaf etmiş və gəlirli sahələrdən olub. 1993-cü ildə rayonun işğal olunması ilə tənəzzülə uğrayan baramaçılıq ötən ildən yenidən inkişaf etməyə başlayıb. Dövlətin baramaçılığın inkişafına diqqət göstərməsi, 1 kiloqram baramanın qiymətinin 9 manat olması rayon sakinlərinin bu sahəyə marağını artırıb.
Diqqətə çatdırılıb ki, baramaçılığın bərpa olunması regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifahının yüksəldilməsinə xidmət edir. Baramaçılığın inkişafı iş yerləri, əlavə qazanc və yaxşı güzəran deməkdir. Belə ki, bu il istehsal olunacaq 30 tondan artıq baramadan rayon sakinləri 300 min manatdan çox vəsait əldə edəcəklər ki, bu da onların sosial rifahının daha da yaxşılaşmasına kömək edəcək.
İpəkqurdu saxlayan kümçülər ölkəmizdə ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın yenidən bərpa olunmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.