CƏMİYYƏT
Cari ilin iyul ayında 1840 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib
Bakı, 8 avqust (AZƏRTAC). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) cari ilin iyul ayında ayrı-ayrı müəssisələrdə ümumilikdə 1840 halda əmək qanunvericiliyinin pozulması faktını aşkar edib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, bu göstərici ötən ilin iyul ayına dair müvafiq göstərici ilə müqayisədə 15,9 faiz çoxdur.
Aşkar olunmuş hüquq pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələri üzrə işəgötürənlərə tətbiq olunmuş cərimələrin 37,3 faizi (125 min 59 manat) dövlət büdcəsinə ödənilib. Bu, ötən ilin iyul ayında ödənilən məbləğlə müqayisədə 18,8 dəfə çoxdur.
İş yerlərində əmək qanunvericiliyinə əməl olunmasına DƏMX tərəfindən dövlət nəzarətinin gücləndirilməsi işçilərin əmək hüquqlarının təmin olunması, o cümlədən onlar üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı işəgötürənlərdə məsuliyyət hissinin artırılması məqsədinə xidmət edir.