CƏMİYYƏT
Cəlilabad rayonunda keçirilən tədbirdə “Narkotiklər haqqında həqiqəti bilin” adlı zəruri təbliğat materialı iştirakçılara təqdim edilib
![](/files/galleryphoto/2022/2/1200x630/16549464835250657941_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16549464833712143611_1200x630.jpg)
Bakı, 11 iyun, AZƏRTAC
BMT-nin Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir təşkil olunub.
Dövlət Komissiyasının işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə rayon üzrə müvafiq komissiyanın üzvləri ilə müzakirələr aparılıb, qarşıya qoyulmuş vəzifələrin daha da səmərəli icra olunması üçün lazımi tövsiyələr verilib.
Tədbirdə Dövlət Komissiyasının işçi qrupunun rəhbər müavini, sektor müdiri və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı iştirak ediblər.
Tədbirdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.