İQTİSADİYYAT
Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə dair tikinti işləri üzrə daha bir əsas müqavilə imzalanmışdır
Bakı, 26 may (AZƏRTAC). Mayın 26-da Bakıda “Cənubi Qafqaz Boru Kəməri” şirkəti və “Şahdəniz” Konsorsiumu Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi (CQBKG) layihəsi üzrə tikinti işləri ilə əlaqədar daha bir əsas müqavilə imzalamışlar.
AZƏRTAC xəbər verir ki, boru kəmərinin Azərbaycan və Gürcüstan hissələrinin tikintisinə dair müqavilə “Saipem/Azfen” şirkəti ilə imzalanmışdır. “Saipem/Azfen” şirkəti “Saipem Contracting Netherlands BV” və “Azfen BM” şirkətlərinin birgə müəssisəsidir. Müqavilə çərçivəsində Azərbaycan və Gürcüstanda 428 kilometr uzunluğunda boru kəməri və əlaqədar yerüstü qurğuların, o cümlədən bağlayıcı siyirtmələrin, ərsinləmə obyektinin və birləşdirici qovşaqların tikintisi, Gürcüstanda 59 kilometr uzunluğunda daha bir boru kəməri hissəsinin və bununla bağlı yerüstü qurğuların inşası nəzərdə tutulmuşdur.
CQBKG-nin tikintisinin başlanmasına doğru daha bir mühüm addım olan müqavilənin dəyəri 735 milyon dollardır. İşlərin 2015-ci ilin yanvar ayında başlanması planlaşdırılır. Boru kəmərinin Gürcüstan hissəsinin mexaniki tamamlanmasının 2016-cı ilin sonuna qədər, Azərbaycan hissəsində isə 2017-ci ilin sonunadək başa çatdırılacağı gözlənilir.
“bp”nin “Şahdəniz” layihəsi üzrə vitse-prezidenti Yuan Drammond imzalanma mərasimində çıxış edərək, “Mərhələ-2” çərçivəsində ümumi məbləği 8 milyard dollardan artıq 15 iri müqavilənin imzalandığını bildirmişdir. O qeyd etmişdir ki, artıq boru kəmərinin genişləndirilməsi və bununla bağlı yerüstü qurğuların tikintisi üçün Azərbaycanda və Gürcüstanda aparılacaq işlər üzrə müqavilələrin əksəriyyəti imzalanmışdır. Tikintinin əksər hissəsi Azərbaycanda və Gürcüstanda yerli şəraitdə həyata keçiriləcəyindən hər iki ölkəyə xeyir gətirəcəkdir. Bu, böyük irəliləyişdir.
Yuan Drammond daha sonra demişdir: Biz məmnunuq ki, həm “Şahdəniz Mərhələ 2”, həm də CQBKG layihəsi üzrə işlər bütün sahələrdə irəliləməkdədir. Tikinti sahələrində dayaq blokları və üst modullar, habelə terminalın genişləndirilməsi üzrə işlər artıq başlanmışdır. Dənizdə isə “İstiqlal” və Heydər Əliyev adına qazma qurğularından istifadə edilməklə qazma işləri uğurla aparılır. İlk qazın 2018-ci ilin sonlarında hasil olunacağı gözlənilir və artıq beş hasilat quyusu qazılmışdır. Əsas müqavilələrin əksəriyyəti bağlandığından Bakıdakı tikinti sahələrində işlərə başlanılmışdır.