İDMAN
DAHA BİR MÖTƏBƏR AVROPA KUBOKU AZƏRBAYCANDA QALIR
Daha bir mötəbər Avropa kuboku Azərbaycanda qalır. Bu, həndbol komandamızın “Çağırış kuboku” uğrunda turnirdə inamlı qələbəsindən sonra mümkün olmuşdur.
Xəbər verdiyimiz kimi, turnir mayın 7-də Bakıda başlamış və Azərbaycan həndbolçuları ilə yanaşı, Belçika, Gürcüstan, Yunanıstan, İsrail və Moldova komandaları mükafat uğrunda mübarizə aparmışlar.
Mayın 12-də İdman sarayında final görüşündə bakılı qızlar Yunanıstanın güclü komandası ilə qarşılaşmışlar.
Oyun başlanmazdan əvvəl hər iki ölkənin dövlət himnləri səsləndi.
Azarkeşlər tərəfindən qızğınlıqla ruhlandırılan qızlarımız görüşün ilk dəqiqələrindən təşəbbüsü ələ alaraq, bütün oyun ərzində rəqiblərinə bir dəfə də irəli çıxmağa imkan vermədilər.
Birinci hissə 14:8 hesabı ilə başa çatdı.
İkinci hissənin ilk dəqiqələrində Azərbaycan həndbolçuları hesabda fərqi 12 topadək artırdılar. Yunan idmançıları meydança sahiblərinə müqavimət göstərmək cəhdlərinin faydasız olduğunu görərək, daha sərt, bəzən də kobud oynayırdılar. Amma bu da onlara kömək etmədi və qızlarımız 26:18 hesabı ilə qalib gəldilər.
Yarışların yekunlarına əsasən idmançılarımız turnirin qalibi adını qazandı. İkinci yeri yunanlar, üçüncü yeri isə belçikalılar tutdular.
Bütün komandalara Avropa Həndbol Federasiyasının diplomları, Azərbaycan komandasına isə “Çağırış kuboku” təqdim edildi.
Avropa Həndbol Federasiyasının nümayəndəsi Karl Qutsey bağlanış mərasimindəki çıxışında bildirdi ki, Bakı turniri federasiyanın himayəsi ilə indiyədək keçirilən yarışların ən yaxşısıdır.
Azərbaycan Həndbol Federasiyasının prezidenti Heydər Babayev idmançılarımızı təbrik edərək dedi ki, bu qələbə bütün xalqımızın, bütün idman həvəskarlarının qələbəsidir.
Foto İlqar Cəfərovundur