ELM VƏ TƏHSİL
Daşkənddə keçirilən festivalda Azərbaycan geniş təmsil olunub
![](/files/galleryphoto/2015/3/1200x630/14476706463885117534_1200x630.jpg)
![](/files/galleryphoto/2015/3/1200x630/14476706466235545190_1200x630.jpg)
![](/files/galleryphoto/2015/3/1200x630/1447670646691263483_1200x630.jpg)
Daşkənd, 16 noyabr, AZƏRTAC
Daşkənddəki ingilisdilli Britaniya Məktəbində Birləşmiş Millətlər Təşkilatı (BMT) günü ilə əlaqədar Xalqların Mədəniyyət və Mətbəx Festivalı keçirilib.
Tədbirə Özbəkistanda fəaliyyət göstərən səfirliklər və Beynəlxalq təşkilatlar, həmçinin mədəniyyət mərkəzləri qatılıb.
Müxtəlif xalqların nümayəndələri üçün ayrılan guşələrdə milli tarixi və mədəniyyəti, adət-ənənələri təbliğ edən stend və sərgilər nümayiş olunub.
Festivalda ölkəmizi Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.
Mərkəz üçün ayrılmış otaqda dövlət bayrağımız, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələrdə qazanılan uğurlar, Azərbaycanın iqtisadi inkişafı ilə bağlı kitab və albomlar nümayiş etdirilib.
Həmçinin Heydər Əliyev Fondunun “Qarabağ həqiqətləri” seriyasından rus və ingilis dillərində nəşrləri, tarix və mədəniyyətimizə dair müxtəlif kitablar, qədim məişət əşyaları, milli musiqi alətləri və suvenirlər ziyarətçilərin marağına səbəb olub.
Tədbir boyu monitorda Azərbaycan xanəndələrinin ifasında muğam və xalq mahnıları təqdim olunub. Mərasimə gələnlərə Azərbaycan plovu və müxtəlif kabablar təklif edilib.
Tədbirin bədii hissəsində Mərkəzin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblı milli rəqslərimizi ifa edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd