SİYASƏT
Daşkənddə “Özbəkistan KİV-də Azərbaycan haqqında ən yaxşı məqalə” müsabiqəsinin qalibləri mükafatlandırılacaqlar
Daşkənd, 20 may (AZƏRTAC). Mayın 24-də Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) “Özbəkistan KİV-də Azərbaycan haqqında ən yaxşı məqalə” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcəkdir.
Müsabiqə “Heydər Əliyev”, “Azərbaycan” və “Azərbaycan mədəniyyəti” nominasiyalarında elan olunmuş və bu mövzularda Özbəkistan mətbuatında xeyli məqalə dərc edilmişdir.
Müsabiqənin təşkilatçıları Azərbaycanın Özbəkistandakı səfirliyi, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzidir.
Müsabiqə 2013-cü ildə AMM-in təşəbbüsü ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə elan edilmişdir. Müsabiqənin əsas məqsədi qardaş Özbəkistan mətbuatında Azərbaycan mövzusunun daha çox işıqlandırılması və təbliğidir.
Bu günlərdə müsabiqəyə təqdim olunmuş məqalələr qiymətləndirilmiş, qeyd edilən nominasiyalar üzrə qaliblər müəyyənləşdirilmişdir.
Müsabiqənin qaliblərinə Azərbaycanın Özbəkistandakı səfirliyinin fəxri fərmanı və AMM-in pul mükafatı veriləcəkdir. Mükafatı qaliblərə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev təqdim edəcəkdir.
Tədbirlə əlaqədar Mərkəzin foyesində “Azərbaycan”, “Heydər Əliyev” və “Azərbaycan mədəniyyəti” mövzularında kitab sərgisi təşkil olunacaq, jurnalistlərə ziyafət veriləcəkdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd