CƏMİYYƏT
Daşkəsən şəhəri və ətraf kəndlər keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunacaq
Bakı, 8 avqust (AZƏRTAC). Daşkəsən şəhərinin içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması ilə bağlı tender elan edilib.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən AZƏRTAC-a verilən məlumata görə, “Daşkəsən şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” şəhəri və ətraf yaşayış məntəqələri əhatə edir. Layihə Daşkəsən şəhəri ilə yanaşı, rayonun Alunitdağ və Mədənçilər kəndlərinin, ümumilikdə, 17 minə yaxın sakinin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Daşkəsən şəhərini və ətraf kəndləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün Qarainək və Gülbulaq su mənbələri seçilib. Su mənbələrindən Daşkəsən şəhərinə qədər 21 kilometr uzunluğunda magistral su kəməri çəkiləcək, şəhərin relyefi nəzərə alınmaqla müxtəlif ərazilərdə ümumi tutumu 4500 kubmetr olan 4 su anbarı tikiləcək. Layihə çərçivəsində 18,3 kilometr uzunluğunda paylayıcı su şəbəkəsi yaradılacaq, 2560 ünvana birləşmə veriləcək.
Layihəyə uyğun olaraq Daşkəsən şəhərində kanalizasiya şəbəkəsi də yaradılacaq. Şəhərdə yaranan tullantı sularının optimal idarə edilməsi üçün 21 kilometr uzunluğunda kanalizasiya xətti çəkiləcək və 2560 ünvan bu şəbəkəyə qoşulacaq. Gələcəkdə şəhərdə yaranacaq tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə sutkalıq məhsuldarlığı 3500 kubmetr olan çirkab sutəmizləyici qurğu inşa ediləcək.
Daşkəsən şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə tender elanının mətni www.azersu.az saytının “Tender və elanlar” bölməsində verilmişdir.
Daşkəsən şəhərinin içməli su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması layihəsi Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi” çərçivəsində həyata keçiriləcək.