İQTİSADİYYAT
Dəmir yolunun Nabrandakı “Lokomotiv” İstirahət Mərkəzinə jurnalistlərin səfəri təşkil olunub
Bakı, 23 iyul, AZƏRTAC
Milli mətbuatın yaranmasının 143 illiyi ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” QSC jurnalistlərin Nabrandakı “Lokomotiv” İstirahət Mərkəzinə səfərini təşkil edib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, KİV nümayəndələri istirahət Mərkəzində yaradılan şəraitlə tanış olublar.
Media nümayəndələrini istirahət mərkəzində qarşılayan Azərbaycan Dəmiryolçularının Müstəqil Respublika Həmkarlar İttifaqı Komitəsinin sədri Fəzail Bağırov jurnalistlərə burada görülən işlər barədə ətraflı məlumat verib.
Sonra keçirilən bayram tədbirində “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova çıxış edərək bildirib ki, 22 iyul - Milli Mətbuat Günü ölkədə geniş qeyd olunur. Əsası böyük maarifçi, milli mətbuatın banisi Həsən bəy Zərdabi tərəfindən qoyulan Azərbaycan mətbuatı bu gün böyük inkişaf yolundadır. Ümummilli lider Heydər Əliyev ölkəmizdə söz və mətbuat azadlığına hər zaman böyük önəm verib. Ulu Öndərin bu siyasətini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycanda jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün bütün imkanlar yaradılıb.
O, bildirib ki, son illər dəmir yolunda irihəcmli layihələr icra olunmaqdadır. Bakı-Tbilisi-Qars, “Şərq-Qərb”, “Şimal-Cənub”, “Cənub-Qərb” layihələri, dəmir yolunda aparılan islahatlar haqqında jurnalistlərə məlumat verən S.Qədirova qeyd edib ki, bütün bu işləri həyata keçirən dəmiryolçuların, sosial problemlərinin həlli, istirahətlərinin təşkili də daim diqqət mərkəzindədir. Nabrandakı “Lokomotiv” İstirahət Mərkəzi 2008-ci ildən dəmiryolçuların istifadəsinə verilib.
Kütləvi informasiya vasitələri, bütün sahələrdə olduğu kimi, dəmir yolunda da həyata keçirilən iqtisadi islahatların, əldə olunan uğurların ölkə ictimaiyyətinə çatdırılmasında böyük rol oynayırlar.
Sonda bir qrup jurnalistə hədiyyələr təqdim olunub.