CƏMİYYƏT
Deputat: Azərbaycan gəncləri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının mədəni həyatının bərpasına mühüm töhfələr verirlər
![Deputat: Azərbaycan gəncləri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının mədəni həyatının bərpasına mühüm töhfələr verirlər](/files/2022/2/1200x630/16549421943965815823_1200x630.jpg)
Bakı, 11 iyun, AZƏRTAC
Azərbaycan gəncləri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının mədəni həyatının bərpasına mühüm töhfələr verirlər. MDB platforması humanist dəyərlərin yayılması, Birlik ölkələrinin bütün xalqlarının tarixi və mədəni irsinə qarşılıqlı hörmətin gücləndirilməsi istiqamətində yeni imkanlar yaradıb.
AZƏRTAC xəbər verir ki, bunu Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən MDB Gənclər Parlamentlərarası Forumunun və Gənclər Parlamentlərarası Assambleyasının 18-ci iclasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Mədəni irsin qorunması və xalq yaradıcılığının inkişafında gənclərin rolu barədə fikirlərini bölüşən deputat deyib: “Vətənpərvərlik tərbiyəsinin düzgün forma və üsullarının, milli kodun tərkib hissəsi kimi ölkələrin tarixi-mədəni irsinin öyrənilməsi, qorunub saxlanılması və təbliğində gənclərin təşəbbüskarlığı mühüm əhəmiyyət kəsb edir”.
K.Nurullayeva sosial şəbəkələrdə məlumat axınının çoxluğuna diqqət çəkərək qeyd edib ki, internetdə reklamlara əksər hallarda nəzarət olunmur ki, bu da gənclərə, gənclərin mənəvi-əxlaqi keyfiyyətlərinin formalaşmasına mənfi təsir göstərir. Bildirilib ki, rəqəmsallaşma və süni intellektin dominantlığı fonunda yalnız canlı mədəni mübadilə milli mədəniyyətin orijinallığını qoruyub saxlaya bilir. Odur ki, mədəni inkişafın stimullaşdırılmasına yönəlmiş istənilən təşəbbüs, xüsusilə bunun gənclər siyasəti sahəsində həyata keçirilməsi dövlət əhəmiyyətli məsələdir.
“İnternet kommunikasiyalarının və sosial şəbəkələrin inkişafı ictimai qüvvələrin səfərbər edilməsinə, memarlıq abidələrinin mühafizəsi və bərpasına fədakarlıqla töhfə verməyə hazır olan minlərlə könüllüləri birləşdirməyə kömək edə bilər. Milli irsin qorunmasında dövlətin səylərini ictimai təşkilatlarla, könüllülük hərəkatları ilə birləşdirmək, bu vasitə ilə gəncləri xalqın irsinin qorunub saxlanmasına cəlb etmək vacibdir”, - deyə K.Nurullayeva vurğulayıb.
Deputat, həmçinin mədəni irsin ölkələrin sosial-iqtisadi inkişafına mühüm töhfə olduğunu da qeyd edib. O, bu kontekstdə Azərbaycanın uğurlu nümunəsinə diqqət çəkib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gənc nəslin sosial dəyişikliklərin və innovasiyaların hərəkətverici qüvvəsi kimi dəstəklənməsi istiqamətində sistemli kurs həyata keçirilir ki, bu da gənclərin potensialının mümkün qədər geniş şəkildə təzahürünə imkan yaradır.