DİM: İnformatika fənni üzrə imtahan materialları hazırlanır
Bakı, 15 mart, AZƏRTAC
Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları”nda dəyişiklik edilməsi haqqında 2022-ci il 12 mart tarixli Qərarına əsasən 2023-cü ildə I ixtisas qrupu üzrə riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər II mərhələdə fizika, riyaziyyat və informatika fənnindən imtahan verməlidirlər.
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən informatika fənni imtahanının proqramı və imtahan modelinin hazırlanmasına ötən ildən başlanılıb. DİM-dən AZƏRTAC-a bildirilib ki, materialların hazırlanması üçün işçi qrup yaradılıb. İşçi qrupa orta və ali təhsil müəssisələrinin müəllimləri, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri və dərslik müəllifləri daxildir. Hər bazar ertəsi işçi qrupun iclası keçirilir, müzakirələr aparılır. İşçi qrup tərəfindən informatika fənni üzrə kurikulumun təlim nəticələrinə uyğun qəbul proqramı hazırlanıb. Proqrama ümumtəhsil müəssisələrinin V-XI sinif dərsliklərində məzmun standartlarının tələblərinin reallaşdırılması üçün verilmiş mövzular daxil edilib.
2023-cü ildə informatika fənni üzrə imtahan vermək istəyən abituriyentlər bu proqram əsasında imtahana hazırlaşa bilərlər.
İşçi qrup tərəfindən, həmçinin imtahan modeli hazırlanıb.
İmtahan modelinə uyğun hazırlanmış tapşırıq nümunələri ilə isə DİM-in saytında yerləşdirilmiş keçidlərdə (Azərbaycan və rus dillərində) tanış olmaq olar.
Hazırda DİM-də imtahana hazırlaşanlara metodik kömək baxımından vəsait hazırlanır. Vəsait aşağıda qeyd edilən bölmələrdən ibarət olacaq:
1. İnformasiya və informasiya prosesləri
2. Say sistemləri
3. İnformasiyanın kodlaşdırılması və miqdarının ölçülməsi
4. Modelləşdirmə
5. Kompüterin aparat təminatı
6. Kompüterin proqram təminatı
7. Əməliyyat sistemi
8. Mətnlərin emaili
9. Elektron cədvəllər
10. Verilənlər bazası
11. Kompüter qrafikası
12. Alqoritm
13. Proqramlaşdırma
14. Kompüter şəbəkəsi
15. İnternet
16. Veb-proqramlaşdırma
17. İnformasiya təhlükəsizliyi
İşçi qrupunda göstərilmiş bölmələr üzrə yekun müzakirələr aparılır. Vəsaitin may ayında nəşr olunması nəzərdə tutulur.
Məlumat üçün onu da bildiririk ki, 2021-ci ilin oktyabr ayından dim.gov.az saytında informatika fənnindən imtahanın məzmunu ilə bağlı materialların hazırlanması və ekspertizası, ümumtəhsil müəssisələri üçün dərsliklərin elmi-metodiki monitorinqinin aparılmasında ekspert kimi iştirak etmək istəyənlərin elektron qeydiyyatı aparılır. İndiyədək 71 nəfər qeydiyyatdan keçib. Onların əksəriyyəti materialların hazırlanmasına cəlb edilib.
Hazırda elektron qeydiyyat davam edir.
Qeydiyyatdan keçmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet” yaratmalı, bu keçiddən istifadə etməklə, “Şəxsi vərəq”i doldurmalı və təsdiq etməlidirlər.