ELM VƏ TƏHSİL
Doktoranturaya qəbul və doktorluq imtahanlarının vaxtı müəyyənləşdirilib
![Doktoranturaya qəbul və doktorluq imtahanlarının vaxtı müəyyənləşdirilib](/files/2015/3/1200x630/14476986975215345900_1200x630.jpg)
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul və doktorluq imtahanlarının keçirilməsi məqsədilə AMEA rəyasət heyəti “İxtisas fənləri üzrə proqramların və test bankının təsdiq edilməsi haqqında” müvafiq qərar qəbul edib. Doktoranturaya qəbul noyabrın 16-dan dekabrın 10-dək, doktorluq imtahanları isə dekabrın 1-dən 20-dək keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın elmi müəssisələrinin doktoranturaya qəbul və doktorluq imtahanlarının təşkili və keçirilməsi ilə bağlı iclasında akademiyanın elm və təhsil idarəsinin rəisi, professor Əminağa Sadıqov bildirib.
İclasda fəlsəfə fənni üzrə doktoranturaya qəbul və doktorluq imtahanlarının keçirilməsi məqsədilə AMEA prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamı ilə imtahan komissiyasının yaradıldığı qeyd edilib. Vurğulanıb ki, komissiyaya AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev sədrlik edir.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun doktorantura şöbəsinin rəisi Fərhad Yusifov doktoranturaya qəbulun və doktorluq imtahanlarının test üsulu ilə keçirilməsi üçün informasiya-kommunikasiya texnologiyalarının tətbiqi məqsədilə proqram təminatının hazırlanması istiqamətində lazımi işlər görüldüyünü söyləyib.