İQTİSADİYYAT
Doqquz ayda vergi hüquqpozmaları ilə bağlı 426 cinayət işi başlanmışdır
Bakı, 8 oktyabr (AZƏRTAC). Cari ilin 9 ayı ərzində vergi cinayətlərinə qarşı mübarizə sahəsində Vergilər Nazirliyi tərəfindən vergidən yayınma, qanunsuz sahibkarlıq və digər faktlarla bağlı materiallar üzrə 426 cinayət işi başlanmış və 235 iş üzrə ibtidai istintaq tamamlanmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ibtidai istintaqı tamamlanmış cinayət işlərindən vergiləri ödəməkdən yayınmaya görə 25 iş, qanunsuz sahibkarlığa görə 4 iş, aksiz markası ilə markalanmamış malların satılmasına görə 1 iş, özgə əmlakını mənimsəmə və vəzifə saxtakarlığına görə 1 iş olmaqla cəmi 39 nəfər barəsində 31 cinayət işi baxılmaq üçün aidiyyəti məhkəmələrə göndərilmişdir.
Bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində olan 122 cinayət işinə xitam verilmişdir. Cinayət işləri və araşdırılan materiallar üzrə 37,9 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunmuşdur.
Vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 19 şəxs keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində tutularaq Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin istintaq şöbəsinə təhvil verilmiş, ibtidai istintaqdan yayınan 184 şəxsin məcburi qaydada gətirilməsi, 128 şəxsin tapılıb istintaqa cəlb edilməsi, 85 şəxsin isə yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilmişdir.
Vergi yoxlamalarından yayınan 179 vergi ödəyicisi tapılıb aidiyyəti vergi orqanlarına təqdim olunmuşdur.
Vergi hüquqpozmalarına yol vermiş şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada mübarizə tədbirləri davam etdirilir.