CƏMİYYƏT
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti: İaşə obyektinin səlahiyyətli nümayəndəsi barədə protokol tərtib olunub
Bakı, 27 may, AZƏRTAC
Bakı şəhəri, Xətai rayonunun Vunqtau küçəsi 18 b ünvanında yerləşən “Xəzər Garden” ictimai-iaşə obyektindən gələn səs-küylə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayəti Xidmətin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları yerində araşdırıblar.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qurumun rəsmisi Qafar Ağayev ərazidə aparılan ölçmə işlərinin nəticəsinə görə, “Xəzər Garden” iaşə obyektindən ətrafa yayılan səs-küy səviyyəsinin normadan çox olduğunun müəyyənləşdirildiyini bildirib.
“Faktla bağlı obyektin səlahiyyətli nümayəndəsi Rasim Bağırov barəsində protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması məqsədilə ona icrası məcburi olan göstəriş verilib” - deyə Q.Ağayev vurğulayıb.