MƏDƏNİYYƏT
Dövlət müstəqilliyimizin bərpasının iyirminci ildönümünə həsr olunmuş növbəti tədbir keçirilmişdir
Bakı, 8 oktyabr (AZƏRTAC). Xəbər verildiyi kimi, Sabunçu rayon kitabxanalarında dövlət müstəqilliyimizin bərpasının iyirminci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Kitabxanadan AZƏRTAC-a bildirmişlər ki, Sabunçu Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 9 nömrəli filialında reallaşmış tədbirdə dövlət müstəqilliyimizin bərpa tarixi haqqında ətraflı məlumat verilmişdir.
Müəllim və şagird kollektivlərinin iştirak etdikləri tədbirdə dövlət müstəqilliyimizin bərpasından ötən iyirmi ilin Azərbaycan tarixinin mürəkkəb, eyni zamanda, ən şərəfli dövrü olduğu bildirilmişdir. Dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, əbədiliyinin və dönməzliyinin təmin edilməsində müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin əvəzsiz tarixi xidmətləri vurğulanmışdır. Mövzu ilə əlaqədar təşkil olunmuş sərgi də maraqla qarşılanmışdır.
Sonda 295 nömrəli məktəbin şagirdləri vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya təqdim etmişlər.
Sabunçu rayon MKS-in 7 nömrəli filialında isə oxucularla “Müstəqilliyimiz milli sərvətimizdir” mövzusunda söhbət aparılmışdır. Onlara müstəqillik dövründə ölkəmizin beynəlxalq aləmdə nüfuzu, həyatımızın bütün sahələrində baş verən köklü dəyişikliklər və inkişafa yönəlmiş islahatlar haqqında geniş məlumat verilmişdir.