ELM VƏ TƏHSİL
Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin test imtahan mərhələsi noyabrda keçiriləcək
Bakı, M.Dadaşov, P.İmanova, AZƏRTAC
Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin test imtahan mərhələsi noyabrda keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov deyib.
Onun sözlərinə görə, test imtahanından müvəffəqiyyətlə keçmiş namizədlərə sertifikatlar veriləcək. B.Xəlilov deyib: “Bu ildən Azərbaycanda dövlət qulluqçularının sertifikatlaşdırılması tətbiq ediləcək. Dövlət qulluğuna qəbul olunmaq istəyənlər test imtahanları verib müvafiq sertifikatlar alacaqlar. Bu, yenilikdir və ilk dəfə Azərbaycanda tətbiq olunacaq. Uğur qazanan şəxslər həmin sertifikatlara uyğun olaraq vakant dövlət qulluğu vəzifələrinə elan edilən müsahibələrə qatıla biləcəklər".
Bir çox dövlət qulluğu vəzifəsinin vakant olduğunu deyən B.Xəlilov vurğulayıb ki, test imtahan mərhələsində açıqtipli testlərdən istifadə ediləcək. Eyni zamanda, balların hesablanması qaydası dəyişib. Keçid balları vəzifədən asılı olaraq müəyyənləşdirilib.