İDMAN
Dünya çempionatında üçüncü olan güləşçi qızlarımız Vətənə qayıdıblar
Bakı, 10 avqust (AZƏRTAC). Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatında uğurla çıxış edən qızlardan ibarət Azərbaycan milli komandasının üzvləri Vətənə dönüblər.
AZƏRTAC xəbər verir ki, avqustun 10-da Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların təntənəli qarşılanma mərasimi olub.
Azarkeşlər, qaliblərin doğmaları və yaxınları onları gül-çiçək dəstələri ilə qarşılayıblar.
Qeyd edək ki, çempionatda yığmamız komanda hesabında Yaponiya və Rusiyadan sonra üçüncü pillədə qərarlaşıb. Millimizin heyətində Səbirə Əliyeva (72 kq) dünya çempionu olub. Raqnetta Qurbanzadə (67 kq) və Solmaz Həşimzadə (55 kq) isə bürünc medal qazanıblar.
Yarışda bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxan Səbirə Əliyeva ən çətin görüşünü yarımfinalda qazaxıstanlı rəqibə qarşı keçirdiyini vurğulayıb. O, Azərbaycanın dövlət himnini səsləndirdiyinə, bayrağımızı ucaltdığına görə qürur duyduğunu deyən güləşçimiz onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Mundialın bürünc mükafatçısı Raqnetta Qurbanzadə deyib: “İlk qarşılaşmamda yaponiyalı rəqibim daha yaxşı təsir bağışladı. Amma bundan sonrakı görüşlərdə məşqçilərin sayəsində özümü ələ ala bildim. Hər halda dünya çempionatında üçüncü yer də pis nəticə deyil. Çox sevinirəm ki, mükafatçılar sırasına düşə bildim”.
Ölkəmizə medal qazandırdığına görə sevincini gizlətməyən Solmaz Həşimzadə bildirib: “Bundan sonra daha səylə çalışacağam. Əsas qələbələrimiz hələ irəlidədir. İnkişaf etmək, uğur qazanmaq üçün bizə hər cür şərait yaradılıb. Bundan istifadə edib yeni qələbələrə can atacağıq”.
Gənc qızlarımız indiyədək qatıldıqları dünya çempionatlarında ilk qızıl medalı 2010-cu ildə qazanıb. Qızlarımız ötən il isə dünya çempionatını 2 bürünc medalla tamamlayıb.