İDMAN
Dünya Şahmat Olimpiadasının növbəti turunda Azərbaycanın kişilərdən və qadınlardan ibarət yığmalarının rəqibləri müəyyən edildi
Bakı, 9 avqust (AZƏRTAC). Bu gün Norveçin Tromse şəhərində Dünya Şahmat Olimpiadasının yeddinci turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu turda Azərbaycanın kişilərdən ibarət yığması Kuba komandası ilə qarşılaşacaq. Altı turdan sonra bu komandaların hərəsinin aktivində 11 komanda xalı var.
Kuba–Azərbaycan matçında qarşılaşacaq komandaların heyətləri artıq məlumdur:
Şəhriyar Məmmədyarov - Lenyer Dominqes
Teymur Rəcəbov - Lazaro Bruzon
Rauf Məmmədov - Yuneski Kesada
Qədir Hüseynov - Reynaldo Ortiz.
Kişilərin yarışlarında altı turdan sonra hərəsinin aktivində 11 xal olan Azərbaycan və Kuba komandaları irəlidədir. Rusiya, Çin, Serbiya, Niderland, Çexiya, Xorvatiya, Bolqarıstan, Macarıstan, Ermənistan və Rumıniya komandaları liderlərdən bir xal geri qalır.
Azərbaycanın qadınlardan ibarət yığması yeddinci turun matçında İtaliya komandası ilə oynayacaq. Altı turdan sonra bu yığmaların hərəsinin aktivində 8 komanda xalı var.
Qadınların yarışlarında Azərbaycan – İtaliya matçında bu cütlüklər qarşılaşacaqlar:
Zeynəb Məmmədyarova - Marina Brunello
Gülnar Məmmədova- Yelena Sedina
Xəyalə Abdulla - Tea Queçi
Türkan Məmmədyarova - Roberta Messina.
Qadınların yarışlarında altı turdan sonra hərəsinin aktivində 12 komanda xalı olan Çin və Rusiya komandaları liderlik edir. Polşa komandası liderlərdən bir xal geri qalır. Azərbaycan 24-cü yeri tutur.