ELM VƏ TƏHSİL


“eTwinning Plus” layihəsi çərçivəsində Azərbaycan və Türkiyə müəllimləri üçün təlimlər təşkil olunacaq

Bakı, 8 oktyabr, AZƏRTAC

Oktyabrın 11-13-də “eTwinning Plus” layihəsi çərçivəsində Azərbaycan və Türkiyə arasında ikitərəfli seminarın keçirilməsi nəzərdə tutulub.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Media savadlılığı və dezinformasiya” mövzusunda təşkil olunacaq seminarın məqsədi hər iki ölkədə beynəlxalq ortaq təhsil layihələrinin icrası, həmçinin “Avropa eTwinning” ölkələrində təhsil sahəsində birliyin davam etdirildiyini nümayiş etdirməkdir.

Seminar çərçivəsində Türkiyədən 36 məktəb müəllimi, 36 nəfər yerli müəllim üçün media savadlılığı, dezinformasiyanın qarşısının alınması, rəqəmsal bacarıqlar, layihə əsaslı təhsil və müəllimlərin XXI əsr bacarıqlarını inkişaf etdirəcək müxtəlif təlimlər və müzakirələr təşkil olunacaq. Təlimlər yerli və türk mütəxəssislər tərəfindən aparılacaq. Tədbirdə Türkiyə Milli Təhsil Nazirliyi rəsmilərinin də iştirakı gözlənilir.

Qeyd edək ki, ölkəmiz 2013-cü ildən etibarən “eTwinning Plus” layihəsində iştirak edir. Layihə Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının “eTwinning” layihəsinin tərkib hissəsidir. Layihənin əsas məqsədi proqramda iştirak edən 40-a yaxın Avropa ölkəsindən olan pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, həmçinin birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır. Layihə çərçivəsində ölkəmizdən indiyədək 927 məktəbdən 3224 müəllimin iştirakı ilə 3432 təhsil layihələri həyata keçirilib, bir çox yüksək beynəlxalq nailiyyətlər əldə edilib və Avropa ölkələri ilə eyni səviyyədə rəqabət aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.