MƏDƏNİYYƏT
“e•phem•er•a” sərgisi, “YARAT” qeyri-kommersiya təşkilatının dəstəyi ilə reallaşan gənc kuratorların sərgiləri seriyasından üçüncüsü olacaq
Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 20-də Bakı Müasir İncəsənət Muzeyində “e•phem•er•a” sərgisi açılacaq. Bu sərgi “YARAT” qeyri-kommersiya təşkilatının dəstəyi ilə keçirilən gənc kuratorların sərgiləri seriyasından üçüncüsü olacaq.
Təşkilatdan AZƏRTAC-a bildirilib ki, sərgidə mifoloji mövzu ilə birləşmiş kurator ideyası səkkiz rəssamın - Eliyar Əlimirzəyev, Rasim Babayev, Kamal Əhməd, Zakir Hüseynov, Ucal Haqverdiyev, Yelena Haqverdiyeva, Niyaz Nəcəfov və Altay Sadıqzadənin işlərinə söykənir:
Hər şeyin mərkəzində - usta rəngkarların əsərlərində və klassiklərin poetik sətirlərində təsvir olunmuş mif durur. Bunlar çoxsaylı tablolardakı obrazları və ədəbi əsərlərdə şifrələnmiş obrazları bir-biri ilə əlaqələndirən görünməz bağlar, məna paralelləri, tarix və əsrlər boyunca formalaşmış rəmzlər və alleqoriyalardır. Müəlliflərin fikrincə, bütün bunlar özümüzü və indiki çağımızı xarakterizə edir.
Muzey ilə “YARAT” təşkilatının əməkdaşlığı, artıq bir ildən çoxdur ki, əməkdar rəssam və kurator Səbinə Şıxlinskayanın “Kurator-mediator təcrübələri” ustad-dərsi nəticəsində əmələ gəlib.
Xatırladaq ki, bu il muzeydə artıq “NUDAVERITAS” və “MEGAPOLIS” layihələri təqdim olunub. Bu layihələr – muzey kolleksiyalarına yenidən baxılması işində uğurlu eksperimentlərdir. Hər iki halda maarifləndirici kurs çərçivəsində yaranmış fikir tam dəyərli art-layihəyədək yüksələ bilib. Layihələrin iştirakçıları muzeyin arxiv və ehtiyatlarına zaman məhdudiyyəti olmadan daxil olmaq imkanı, tamaşaçılar isə tanış süjetlərin yeni oxunuşuna hüdudsuz vəsiqə qazanıblar.
Layihənin ideyası Leyla Ağayevaya məxsusdur. Sərginin kuratoru Samira Sefidir.
Sərgi 2015-ci il yanvarın 19-dək davam edəcək.