CƏMİYYƏT
Ədliyyə nazirinin müavini Qubada vətəndaşları qəbul edib
![Ədliyyə nazirinin müavini Qubada vətəndaşları qəbul edib](/files/2019/2/1200x630/15647549166176033582_1200x630.jpg)
Bakı, 2 avqust, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumlarının insanlara layiqli xidmət göstərməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşması barədə tapşırıqlarına uyğun olaraq, Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir. Bununla bağlı təsdiq olunmuş cədvələ əsasən avqustun 2-də Azərbaycan Respublikasının Ədliyyə nazirinin müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Toğrul Musayev Quba şəhərində, Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Quba şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə edilib.
Qəbulda hər bir vətəndaşın ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılaraq diqqətlə dinlənilib, qaldırılan məsələlərlə bağlı nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə və qurumlarına tapşırıqlar verilib.
Vətəndaşlar rayon sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasından razılıqlarını ifadə edərək, Azərbaycan Prezidentinə dərin minnətdarlıqlarını bildiriblər.
Səfər çərçivəsində nazir müavini, həmçinin yerli, o cümlədən Quba “ASAN xidmət” mərkəzində ədliyyə qurumlarının iş şəraiti ilə tanış olub, onların fəaliyyətləri ilə bağlı Ədliyyə Nazirliyinin rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrini çatdıraraq, vətəndaşların qəbulu zamanı ünsiyyətdə nəzakətlilik və məmnunluq prinsiplərinə, müraciətlərə baxılması haqqında qanunvericiliyin tələblərinə dönmədən əməl olunmasının vacibliyini vurğulayıb.