DÜNYA
Əfqanıstanda seçkilərin ikinci turunda mübarizə Abdulla Abdulla ilə Əhmədzay arasında gedəcəkdir
Bakı, 15 may (AZƏRTAC). Əfqanıstanda prezident seçkilərinin ikinci turu iyunun 14-də keçiriləcəkdir. Prezident kürsüsü uğrunda mübarizənin bu turunda ölkənin Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Abdulla Abdulla və sabiq maliyyə naziri Əşrəf Qəni Əhmədzay qarşılaşacaqlar.
Əfqanıstan Mərkəzi Seçki Komissiyası (MSK) ölkə prezidenti seçkilərinin birinci turunun yekunlarını cümə axşamı elan etmişdir. Bu turda namizədlərdən heç biri qalib gəlmək üçün zəruri olan mütləq səs çoxluğu toplaya bilməmişdir.
Əfqanıstanda dövlət başçısı seçkilərinin birinci turu aprelin 5-də keçirilmiş, seçkilərin ilkin yekunları üç həftədən sonra elan edilmişdir. MSK-nın son məlumatına görə, prezident kürsüsü uğrunda mübarizədə Əfqanıstanın sabiq xarici işlər naziri Abdulla Abdulla seçicilərin 45,0 faizinin səsini toplayaraq liderlik edir.
Sabiq maliyyə naziri Əşrəf Qəni Əhmədzay 31,6 faiz səs toplamışdır.
Birinci turun yekunlarının elan edilməsi əvvəlcə mayın 14-ünə təyin olunmuşdu, lakin səsvermə zamanı baş verə biləcək bütün saxtalaşdırma və pozuntu hallarının təhqiqatı başa çatdırılana qədər təxirə salınmışdır.
Əfqanıstanda seçkilərin nəticələrinə ümumi diqqət ilk növbədə onunla izah edilir ki, ölkənin yeni prezidenti beynəlxalq koalisiya qoşunlarının Əfqanıstandan tam çıxarılması ərəfəsində dövlətə başçılıq etməli olacaqdır. Bu prosesin 2014-cü ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.
Əfqanıstanın yeni rəhbəri planetimizdə ən qeyri-sabit regionlardan biri hesab edilən bu ölkədə təhlükəsizliyinin müstəqil təmin edilməsi məsələsini həll edəcəkdir.