MƏDƏNİYYƏT
“Əkinçi” ilə dünyaya göz açan Azərbaycan mətbuatı uzun və şərəfli yol keçib
Zərdab, 22 iyul (AZƏRTAC, Adil Ağayev). 22 iyul-Milli Mətbuat Günü Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin doğulub boya-başa çatdığı Zərdabda təntənəli surətdə qeyd edildi.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə müasir Azərbaycan mətbuatının inkişafında böyük xidmətləri olan ümummilli lider Heydər Əliyevin, habelə mətbuatımızın müjdəçisi olan “Əkinçi”nin təsisçisi Həsən bəy Zərdabinin abidələrini ziyarət edərək önünə təzə-tər çiçəklər düzdülər.
Rayon icra hakimiyyətində keçirilən təntənəli yığıncaqda Azərbaycan mətbuatının keçdiyi şərəfli yol barədə məruzə və çıxışlar oldu. Qeyd edildi ki, Azərbaycan dilində buraxılan, ilk nömrəsi 1875-ci il iyulun 22-də işıq üzü görən “Əkinçi” bütün Qafqazda əks-səda doğurmuşdu.
Böyük çətinliklər və maneələrə baxmayaraq “Əkinçi” xalqımızın milli şüurunun oyanışında, milli birliyinin formalaşmasında böyük rol oynayıb. Məhz bunlar-qəzetin mütərəqqi ideyaları çar Rusiyasının hakim dairələrini bərk narahat edib. Nəticədə “Əkinçi”nin cəmi 56 nömrəsi işıq özü görüb və qəzet bağlanıb.
Ötən illərdə Həsən bəy Zərdabi ideyalarını yaşadan və “Əkinçi” ənənələri ilə qidalanan Azərbaycan mətbuatı uzun və şərəfli yol keçərək çox böyük inkişaf səviyyəsinə yüksəlib. Bu gün ölkəmizdə mətbuatın sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad ifadə etmələrinə hər cür imkanlar yaradılıb.
Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə mətbuat hərtərəfli dövlət qayğısı ilə əhatə olundu, senzura ləğv edildi, kütləvi informasiya vasitələrinin, o cümlədən qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirildi. Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu siyasətin məntiqi nəticəsidir ki, hazırda ölkəmizdə ədalətli və azad sözün qarşısında bütün maneələr aradan qaldırılıb, jurnalistlərin normal fəaliyyəti, öz peşə borclarını layiqincə yerinə yetirmələri üçün hər cür şərait yaradılıb. Dövlətimizin başçısının daimi diqqət və qayğısı ilə Azərbaycanda Həsən bəy Zərdabi irsi, “Əkinçi”nin ənənələri layiqincə yaşadılır. Təsadüfi deyildir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Zərdab şəhərində Həsən bəy Zərdabi muzeyinin binasının əsaslı təmiri və bədii tərtibatının yeniləşdirilməsi bütün zərdablılar tərəfindən böyük sevinc və dərin minnətdarlıqla qarşılanıb.
Tədbirdə mətbuatın göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ifadə edilib.