İQTİSADİYYAT
Ekspert: Vergi və gömrük sistemində aparılan islahatlar Azərbaycanda əsas iqtisadi islahatların prioritetlərindən hesab olunur
Bakı, 11 oktyabr, Ramiz Quliyev, AZƏRTAC
Vergi və gömrük sistemində islahatların aparılması Azərbaycanda əsas iqtisadi islahatların prioritetlərindən hesab olunur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.
V.Bayramov qeyd edib ki, Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə də məhz bu istiqamətdə aparılan islahatların xüsusi vurğulanması, bu sahədəki problemlərin qısa zamanda aradan qaldırılması ilə bağlı tapşırıqların verilməsi də, Azərbaycanda növbəti mərhələdə gömrük və vergi sistemində növbəti islahatların həyata keçməsindən, şəffaflığın daha da dərinləşdiriləcəyindən, prosedurların elektronlaşdırılmasının tətbiqindən xəbər verir.
Ekspert xatırladır ki, bu sektorlar respublikamız üçün dövlət gəlirlərinin formalaşdırılması baxımından vacibdir. Belə ki, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi Azərbaycanın dövlət büdcəsinin formalaşmasında, vergi daxilolmalarına töhfə verən aparıcı dövlət qurumlarıdır. Eyni zamanda, hər iki qurum iqtisadi islahatların, iqtisadiyyatın liberallaşmasında, həmçinin sahibkarlığın inkişafı baxımından da vacib institutlardır: “Bu qurumların fəaliyyəti bilavasitə sahibkarlığın inkişafını təşviq edir və bu baxımdan vergi və gömrük sistemində islahatların dərinləşməsi sahibkarlığın inkişafına yeni təkan verəcək. Şəffaflığın gücləndirilməsi vergi uçot sisteminin təkmilləşdirilməsi və vergidən yayınma hallarının qarşısının alınması, eləcə də vergi intizamının gücləndirilməsinə səbəb olacaq”.
Artıq Azərbaycanda iqtisadi islahatların yeni mərhələdə vergi və gömrük sistemində dərinləşmiş islahatlarla müşayiət olunacağına əminliyini ifadə edən V.Bayramovun fikrincə, bu faktor bütövlükdə qeyri-neft sektorunun və sahibkarlığın inkişafı baxımından prioritet hesab edilir.