MƏDƏNİYYƏT
Elektron turist vizası sistemində akkreditasiyadan keçirilmiş 55 turizm şirkəti ilə görüş təşkil olunub
Bakı, 12 fevral, AZƏRTAC
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun, Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayevin, Xarici İşlər Nazirliyinin nümayəndəsi Elmar Qədimovun və Azərbaycan Turizm Assosiasiyası İdarə Heyətinin sədri Nahid Bağırovun iştirakı ilə elektron turist vizası sistemində akkreditasiyadan keçirilmiş 55 daxili turizmlə məşğul olan turizm şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2013-cü ilin aprel ayından ölkəmizdə tətbiq olunan elektron turist vizası sisteminin müzakirəsinə həsr olunmuş görüşdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov turizm şirkətlərinin bu sistemə marağının getdikcə artdığını və artıq 55 şirkətin elektron turist vizası sisteminə qoşulduğunu vurğulayıb.
Nazir müavini qeyd edib ki, bu viza sistemi tətbiq olunduqdan sonra Azərbaycana gəlmək üçün turistlər daha rahat şəkildə viza əldə edə bilirlər.
Həmçinin, elektron turist vizasının daha da təkmilləşdirilməsi, istifadə qaydaları, gələcəkdə daha çox turizm şirkətlərinin bu sistemə qoşulması ilə bağlı müzakirələr aparılıb.
Sonda akkreditasiyadan keçmiş yeni turizm şirkətlərinə treninq kurslar keçirilib və suallar cavablandırılıb.