SİYASƏT
Əli Laricani: İran parlamenti Azərbaycan ilə əlaqələrin genişlənməsi üçün heç bir məhdudiyyət görmür
Tehran, 5 noyabr, AZƏRTAC
İran parlamenti Azərbaycan ilə dostluq və qardaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün heç bir məhdudiyyət görmür.
AZƏRTAC xəbər verir ki, bu sözləri İran İslam Şurası Məclisinin (parlament) sədri Əli Laricani deyib. O bildirib ki, İran və Azərbaycan xalqları ortaq tarixə, dinə, milli-mənəvi dəyərlərə, adət-ənənələrə malikdirlər. Bu gün iki qonşu və dost dövlətin əlaqələrinin yüksək səviyyədə olması məmnunluq doğurur. Ölkələrimiz arasında iqtisadiyyat, sənaye, nəqliyyat, mədəniyyət və digər sahələrdə yaxşı əlaqələri var. Bu əlaqələrin inkişafı xalqların mənafeyini əks etdirir. İran parlamenti əlaqələrimizin inkişafı istiqamətində fəaliyyət göstərir.
Əli Laricani nəzərə çatdırıb ki, İran dövləti qonşuları ilə münasibətlərin daha da yaxınlaşmasında maraqlıdır. Azərbaycan da İranın yaxın qonşusudur və rəsmi şəxslərin intensiv əlaqələri münasibətlərin yaxınlaşmasını təmin edib.
İran parlamentinin sədri qeyd edib ki, parlamentdə fəaliyyət göstərən İran-Azərbaycan işçi qrupunun fəaliyyəti əlaqələrin yüksələn xətlə inkişafına töhfə verir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran