ELM VƏ TƏHSİL
Elmi jurnalların monitorinqinin nəticələri müzakirə olunmuşdur
Bakı, 10 sentyabr (AZƏRTAC). Sentyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda AMEA-nın təsisçiliyi ilə nəşr olunan elmi jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədi ilə aparılan monitorinqin nəticələrinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilmişdir.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə təqdimatla çıxış edən institutun direktoru, professor Misir Mərdanov AMEA-da nəşr olunan elmi jurnalların beynəlxalq tələblərə cavab verməsinə dair aparılmış araşdırmalarla bağlı statistik göstəriciləri nəzərə çarpdırmışdır.
Təqdimatda beynəlxalq elmi bazaların imkanları, Azərbaycan elminin bu bazalarda təmsil olunma səviyyəsi və jurnalın elmi bazalarda qeydiyyatı üçün minimal tələblər yer almışdır.
Sonra tədbir iştirakçıları dövrü elmi nəşrlərin internet-saytlarının hazırlanması, ölkənin elmin müxtəlif sahələri üzrə qiymətləndirilməsi, dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər qarşısında qoyulan tələblər və s. müddəalar ətrafında geniş fikir mübadiləsi aparmışlar.
Müzakirələrdən sonra Azərbaycan elminin beynəlxalq elmi bazalarda layiqincə təmsil olunması və dünya standartlarına uyğun inkişaf etdirilməsi istiqamətində mövcud problemlərin həlli üçün təklif və tövsiyələr səsləndirilmişdir.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Akif Hacıyev iştirak etmişdir.