Əməkdar Həkim Yavər Şıxəliyevin “Vərəm xəstəlikləri” dərsliyi çap olunub
Bakı, 16 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Əməkdar Həkimi, tibb elmləri doktoru Yavər Şıxəliyevin “Elm və təhsil” nəşriyyatında “Vərəm xəstəlikləri” dərsliyi çap olunub.
AZƏRTAC xəbər verir ki, 756 səhifəlik dərslikdən internatura-ordinaturada təhsil alan həkimlər, fiziatrlar, pulmonoqlar, epidemioloqlar və orta tibb təhsili alanlar istifadə edə bilərlər. Kitabda Dünya Səhiyyə Təşkilatının vərəmlə mübarizə strategiyasının mühüm məqamları fiziatriyanın elmi və praktiki nailiyyətlərinə inteqrasiya edilmiş şəkildə göstərilib.
On bölmədən ibarət olan “Vərəm xəstəlikləri” dərsliyi Azərbaycan Tibb Universitetinin ağcıyər xəstəlikləri kafedrasının tədris proqramı əsasında tərtib edilib. Dərsliyin birinci bölməsi vərəmin tarixinə həsr olunub. Bu bölmədə Azərbaycanda vərəm xəstəliyinə qarşı aparılan mübarizənin tarixi də öz əksini tapıb.
İkinci bölmədə vərəm törədicisinin bioloji xüsusiyyətlərindən, üçüncü bölmədə isə vərəm xəstəliyi zamanı immunoloji və allergik dəyişikliklərdən söhbət açılır. Müəllif dördüncü bölmədə tənəffüs üzvlərinin anatomik quruluşu, tənəffüs formaları, habelə tənəffüs sistemi ilə qan dövranı arasındakı asılılığın fizioloji xüsusiyyətlərini, beşinci bölmədə isə vərəmin erkən aşkarlanması məqsədilə aparılan minimum müayinə metodlarını ardıcıllıqla göstərib.
Dərsliyin altıncı və yeddinci bölməsində vərəmin XBT-X üzrə və “Dot” strategiyasına görə təsnifatı verilib. Səkkizinci bölmədə birincili və ikincili vərəmin kliniki formalarına uyğun olaraq müalicəsi göstərilib. Doqquzuncu bölmə vərəm xəstələrinə nəzarət zamanı istifadə olunan epidemioloji göstəricilərə və kriteriyalara həsr edilib.
Müəllif sonuncu bölmədə vərəmin epidemiologiyasının iqlim, coğrafi və ekoloji amillərdən asılılığını göstərməklə yanaşı, epidemioloji xəritə tərtib edib.
Qeyd edək ki, Yavər Şıxəliyev 1973-cü ildən təşkilatçı-fiziatr vəzifəsində çalışır və Bakı şəhərinin Mərkəzi Vərəm Dispanserinin baş həkimidir. O, fəaliyyəti dövründə respublikada vərəm əleyhinə tədbirlərin həyata keçirilməsində və bu sahədə problemlərin həlli istiqamətində daim yorulmadan çalışır.