SİYASƏT
ERMƏNİ POLİTOLOQLARIN ƏSASSIZ SƏRMƏSTLİYİ
Berlin, 7 fevral (AZƏRTAC). Xəbər verdiyimiz kimi, KTMT-nin üzvü olan ölkələrin liderlərinin bu il fevralın 4-də Moskvada keçirilmiş görüşündə Kollektiv Çevik Əməliyyat Qüvvələri (KÇƏQ) yaradılması qərara alınmışdır. Bununla əlaqədar, Ermənistanda qonşu ölkənin ərazisinin bir hissəsini “başqasının əli ilə” ilhaq etmək xülyasına düşmüş siyasətçilərin sərməstlik duyulan bəyanatları getdikcə ucadan eşidilir. Bu günlərdə AZƏRTAC erməni generalı Kotancyanın KÇƏQ yaradılacağı təqdirdə “Dağlıq Qarabağın təhlükəsizliyinə təminatın” güclənəcəyi barədə fikirlərini şərh edərək, yanlış fikirdə olan erməni sərkərdəsinə xatırlatmışdı ki, Azərbaycan KTMT-nin üzvü deyil və həmin təşkilatın qərarlarının Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazisinə dəxli yoxdur. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağı və digər 7 rayonu azad etmək üçün beynəlxalq hüquqa ciddi riayət olunmaqla özünün dövlət sərhədləri hüdudunda bütün imkanlardan istifadə etməyə hüququ vardır. BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş bu hüquq həmin beynəlxalq təşkilatın üzvü olan bütün dövlətlərə şamil edilir.
Görünür, bir generalı savadlandırmaq məqsədi güdən xeyirxah niyyətimiz onun digər həmvətənlərinə təsir göstərməmişdir. Məsələn, erməni ekspert Viktor Yakubyan “Reqnum” agentliyinə müsahibəsində demişdir: “Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar yenidən başlanacağı təqdirdə, Ermənistanın müdafiə edilməsi KTMT-nin çevik əməliyyat qüvvələri üçün ilk sınaq ola bilər”. Onun sözlərinə görə, Ermənistan prezidenti Serj Sarkisyanın KTMT-nin üzvü olan dövlətlərin birgə silahlı qüvvələrinin təcili yaradılmasının zəruruliyini vurğulaması “ona dəlalət edir ki, Qarabağ münaqişəsi zonasındakı vəziyyət onu narahat edir”. Doğrudan da, Azərbaycan Silahlı Qüvvələrinin getdikcə möhkəmlənməsi və Ermənistan iqtisadiyyatının həqiqətən göz qabağında dağılması fonunda Ermənistan-Azərbaycan münaqişəsinin “miatsum” hərəkatının əsasını qoyanların təklif etdiyi ssenaridən fərqli üsulla həllinin yaxınlaşdığını hiss edən prezident Sarkisyanın narahatlığının səbəbini başa düşmək çətin deyil. Amma bir məsələ həqiqətən anlaşılmazdır: Qarabağ münaqişəsinin KTMT-nin kollektiv çevik əməliyyat qüvvələri yaradılmasına nə dəxli var və Ermənistan prezidenti, habelə onun ekspert həmvətənləri KTMT-nin üzvü olan ölkələrin ərazisinə aidiyyəti olmayan hərbi əməliyyatlarda həmin blokun qüvvələrinin iştirakını necə təsəvvür edirlər?!
Başqa bir erməni politoloq, muzdla cəlb olunmuş ermənilərin iştirakı ilə Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən onun həyatına sui-qəsd edilməsi və yalnız möcüzəli pəncərə barmaqlığı sayəsində salamat qalması haqqında uydurduğu cızma-qaranın qəhrəmanı Levon Məlik-Şahnazaryan da bu yaxınlarda özünü yenidən yada salmağı qərara almışdır. O demişdir: “Çevik əməliyyat qüvvələrinin yaradılması Azərbaycandan daim səslənən bəyanatların müəlliflərini “sakitləşdirməyə” kömək edər və onları münaqişənin dinc yolla həllini axtarmaq barədə fikirləşməyə məcbur edər”. Görünür, Məlik-Şahnazaryan ədəbi janrdan politoloji janra qayıtmağı qərara almışdır. Qoy Məlik-Şahnazaryan arxayın yatsın və pəncərələrinə dəmir barmaqlıq saldırmasın - heç kəs onun ölkəsinin ərazisinə iddia etmir (hərçənd, tarixi baxımdan bu cür iddialar üçün əsas var!) və Qarabağ münaqişəsi hərbi yolla həll ediləcəyi təqdirdə, Ermənistan silahlı qüvvələrinin KTMT-ni öz tərəfində hərbi əməliyyatlara cəlb etmək məqsədi ilə hər hansı təhriklərinə baxmayaraq, rəşadətli Azərbaycan ordusu təcavüzkar ölkənin dövlət sərhədini keçməyəcəkdir. Əgər Ermənistanda buna hələ də şübhə edənlər varsa, onlar KTMT-nin baş katibi Nikolay Bordyujanın sözlərini yada salsınlar. Baş katib açıq bəyan etmişdir ki, Qarabağ münaqişəsinin yenidən başlanacağı təqdirdə KTMT bu münaqişəyə müdaxilə etməyəcəkdir.
Beləliklə, Azərbaycanın özünü “sakitləşdirməsi” yox, Ermənistanın sərməstliyə qapılmaması lazım gələcəkdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin