QAN YADDAŞI
Ermənilərin azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasəti Lənkəran rayonundan da yan ötməmişdir
Lənkəran, 30 mart (AZƏRTAC). Martın 30-da Lənkəran şəhərindəki azərbaycanlıların soyqırımı abidəsi önündə anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları abidənin önünə gül dəstələri düzərək soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.
Mərasim Lənkəran Şəhər İcra Hakimiyyətində davam etdirilmişdir. Lənkəran Dövlət Universitetinin tarix və fəlsəfə kafedrasının baş müəllimi Kamal Mahmudov “31 mart - Azərbaycanlıların soyqırımı günüdür” mövzusunda məruzə etmişdir.
Qeyd olunmuşdur ki, 1918-ci ilin mart qırğınları xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli təzahürlərindən biridir. Erməni quldurları 3 gün ərzində Bakıda 12 min azərbaycanlının həyatına son qoymuş, qocaları, qadınları və uşaqları amansızcasına qətlə yetirmiş, qiymətli tarixi abidələri məhv etmişlər. Qubada, Xaçmazda, Şamaxıda, Lənkəranda, Kürdəmirdə və digər bölgələrdə də bu cür faciələr törədilmişdir.
1918-1920-ci illərdə Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağın dağlıq və dağətəyi hissəsindən azərbaycanlıların yaşadığı 150-yə yaxın kənd xarabalığa çevrilmiş, 50 mindən çox soydaşımız qətlə yetirilmişdir.
Bildirilmişdir ki, xarici havadarlarının köməyi ilə ermənilərin 200 ildən artıq bir dövrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri etnik təmizləmə və soyqırımı Lənkəran rayonundan da yan ötməmişdir. 1918-ci ilin mart-aprel aylarında ermənilər bolşeviklərin köməyi ilə Lənkəran qəzasında 40 kəndi yandırmış, Girdəni, Gərmətük, Mamusta, Sütəmurdov, Şıxəkəran, Vilvan və Xolmili kəndlərində qırğınlar, kütləvi talanlar törətmişlər.
Mərasimdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu qanlı cinayətə əsl hüquqi və siyasi qiymətin verildiyini vurğulamış, mənfur düşmənlərimizin məkrli niyyətləri barədə əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirmişlər.