Ermənistan: Gələcəyi olmayan ölkə
Bakı, 15 sentyabr (AZƏRTAC). Nəzarətdə saxlanılan iqtisadiyyatdan, insan hüquqlarının addımbaşı kobud şəkildə pozulmasından cana doyan və Azərbaycanın güclənməsindən qorxuya düşən minlərlə erməni Ermənistanı tərk edir.
AZƏRTAC xəbər verir ki, Ermənistanda reallığı ortalığa qoyan bu fikirlər Fransanın “Slate.fr” saytında Emmanuyel Daniel adlı müəllifin dərc etdirdiyi məqalədə əks olunmuşdur.
Ermənistan paytaxtındakı küçələrin birində şahidi olduğu hadisəni qələmə alan müəllif yazır ki, burada yerləşən miqrasiya xidmətinin qarşısında böyük növbə var idi. İnsanlar həyəcanlı şəkildə binaya daxil olub Rusiyada işləməyə getmək üçün icazə almağa çalışırdılar. Onların üzündə təbəssümdən əsər-əlamət yox idi. Onlar sanki dəfn mərasimində idilər. Bu insanlar bir tikə çörək tapmaq üçün minlərlə əziyyətə qatlaşmağa hazırdırlar. Onlar müsahibə verməkdən utanırdılar. Bu utancaqlıq heç də onların müsahibə verə bilməməklərindən deyil, Ermənistan kimi səfalət içində olan bir ölkənin vətəndaşları olmalarından irəli gəlirdi. Bunu sezmək o qədər də çətin deyildi.
Sərkis adlı biri ilə həmsöhbət oldum. O bildirdi ki, mətbəx mebeli düzəldir. Lakin işləməsinə baxmayaraq, pul qazana bilmir. Ona görə də Rusiyaya köçmək qərarına gəlib. Digər müsahibim isə ailəsini dolandırmaq üçün ən ağır işlərdə belə işləməyə hazır olduğunu bildirdi.
Ermənistan müstəqil olduğu 1991-ci ildən bugünədək ölkəni bir milyondan artıq insan tərk etmişdir.
Müəllif demoqraf və iqtisadçı Ruben Yeqanyana istinad edərək yazır ki, 50 ildən sonra Ermənistanda əhalinin sayı 500-600 yüz min nəfər olacaqdır. Ermənistanın boşalmasının səbəbləri aydındır-İşsizlik, səfalət, qanunsuzluq, məmur özbaşınalığı, işləyənlərin cüzi əmək haqqı alması və s. Ölkədə 2010-cu ildə yoxsulluqdan da aşağı səviyyədə yaşayanların sayı 270 min nəfəri keçmişdir. İşsizlik 30 faizindən də yuxarı həddədir.
Iqtisadçı Qaidz Minasyan isə E.Danielə verdiyi müsahibəsində demişdir ki, Ermənistan iqtisadiyyatı inkişaf etməyə başlasa belə vəziyyət düzəlməyəcəkdir. Çünki bütün gəlirli sahələr məmur- oliqarxların əlində cəmləşib. Bunlar vergi vermir və korrupsiya əlaqələri ilə hakimiyyətin yüksək təmsilçiləri ilə sıx bağlıdırlar.
Ermənistanın siyasi həyatına toxunan fransalı jurnalist qeyd edir ki, təkcə 2011-ci ildə 3 min 600 adam siyasi təqiblərə məruz qalaraq Fransa hökumətindən siyasi sığınacaq istəmişdir.
Əhalinin əksəriyyəti doyunca qida qəbul etmək imkanına malik deyildir. Qida çatışmazlığı müxtəlif xəstəliklərin yaranmasına səbəb olmuşdur. Valideynlər uşaqlarının ölkədə qalmasını istəməyərək müxtəlif (qanuni və qanunsuz) yollarla onları Ermənistandan çıxarmağa can atırlar.
Bütün bunlar ermənistanda fatalizmin yaranmasına gətirib çıxarmışdır. Misal üçün 24 yaşlı Lilit adlı Yerevan sakini deyir ki, “Mən ölkəmə nifrət edirəm. Uşaqlarımın burada gələcəyi yoxdur. Onların Ermənistanda qalmasını istəmirəm”.
Ermənistanda doğuş kəskin şəkildə azalmışdır. Ailələr sadəcə olaraq uşaqlarını qida ilə təmin edə bilmirlər. Buna görə də ailələr ən yaxşı halda bir uşaqla kifayətlənirlər.
Məqaləsini yekunlaşdıran müəllif qeyd edir ki, əgər 2013-cü ildə keçiriləcək prezident seçkilərində Serj Sarkisyan yenə də “qalib” gəlsə Ermənistanda vəziyyətinin düzəlməsini hələ çox gözləməli olacağıq.