MƏDƏNİYYƏT
“Eurovision-2015” mahnı müsabiqəsinin finalına vəsiqə qazanan 10 ölkənin adı bugünkü püşkatmada bəlli olacaq
Vyana, 19 may, AZƏRTAC
Bu gün “Eurovision-2015” mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək.
Yarımfinal şousu yerli vaxtla saat 00:00-da “Wiener Stadthalle” arenasında başlayacaq. Bu şou rəsmi yayım hüququ olan Avstriyanın “ORF” Yayım Korporasiyasının telekanalı tərəfindən canlı yayımlanacaq.
Birinci yarımfinal mərhələsində 16 ölkə finala keçmək uğrunda yarışacaq. Daha çox səs toplamış 10 ölkə finala vəsiqə qazanacaq.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, yarımfinal mərhələsində ifaçıların çıxışlarından dərhal sonra 15 dəqiqə ərzində təmsilçi ölkələrin səs göndərmək hüququ olacaq. Azərbaycan tamaşaçıları bu yarımfinalda səs verə bilərlər.
Finala vəsiqə qazanmış 10 ölkənin təmsilçiləri canlı şoudan sonra mətbuat konfransı keçirəcəklər. Bu mətbuat konfransında püşkatma nəticəsində həmin ölkələrin təmsilçilərinin mayın 23-də “Wiener Stadthalle” arenasında çıxış ardıcıllığı müəyyən olunacaq.
Anar Rzayev
AZƏRTAC-ın müxbiri
Vyana