CƏMİYYƏT
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti silsilə maarifləndirmə tədbirləri keçirib
Bakı, 18 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin olunması sahəsində əsas istiqamətlərdən biri olan əhalinin yanğın təhlükəsizliyi qaydaları barədə maarifləndirilməsi üzrə zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu çərçivədə, Xidmət tərəfindən Zərdab rayonunda yerləşən Heydər Əliyev Mərkəzində, “MKT İK” MMC-nin Yevlax İnnovasiya filialında, Zaqatala poçt filialında, Oğuz rayon Tarix-diyarşünaslıq muzeyində, Şirvan və Xaçmaz Reabilitasiya mərkəzlərində, Göyçay Şəhər Bələdiyyəsində, Mingəçevir şəhərindəki S.Vurğun meydanında, Yevlax şəhərindəki Heydər Əliyev sarayının qarşısında və Ucar Gənclər Mərkəzində yanğın təhlükəsizliyi, o cümlədən Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi məsələlərinə dair maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə yanğın təhlükəsizliyinə dair tələblər barədə söhbətlər aparılıb, baş verə biləcək yanğınlar zamanı ilkin zəruri davranış qaydaları ilə əlaqədar geniş məlumat verilib, təxliyə planından düzgün istifadə olunmasının vacibliyi vurğulanıb. Həmçinin ərazilərin təmiz, ehtiyat çıxış yollarının daim istifadəyə yararlı, yanğına qarşı su təchizatı qurğularının isə işlək vəziyyətdə saxlanılmasının və ilkin yanğınsöndürmə vasitələri ilə təchizatın zəruriliyi aidiyyəti şəxslərin diqqətinə çatdırılıb. Qeyd olunub ki, Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsizliyi qaydalarına kiçik etinasızlıq sonda böyük faciələrə yol aça bilər.
Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, suallar cavablandırılıb.