CƏMİYYƏT
FHN-in yanğından mühafizə hissələri ictimaiyyətlə görüşləri davam etdirir
Bakı, 16 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) hissələri növbəti maarifləndirmə görüşlərini məktəblilərlə keçiriblər.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, FHN DYMX-nin Bakı şəhər Nərimanov və Sabunçu, həmçinin Ucar, Ağsu rayon Dövlət Yanğından Mühafizə hissələrində keçirilən görüşlərdə yanğından mühafizə hissələrinin iş fəaliyyəti, yanğın avadanlıqları, rabitə və xilasetmə vasitələri haqqında ətraflı məlumat verilib. Eyni zamanda, məktəblilər FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və onun yerli qurumlarının fəaliyyəti haqqında məlumatlandırılıb.
Tədbirlərdə istismarda olan yanğın avtomobillərinin taktiki-texniki göstəriciləri, tənəffüs orqanlarının mühafizə vasitələrindən istifadə qaydaları haqqında danışılıb. Yanğın avtomobillərinin üzərində olan alət və avadanlıq, döyüş paltarları və istilik əksetdirici kostyumlar, fövqəladə hallar zamanı kəsici-pnevmatik alətlərlə müxtəlif kəsmə-doğrama əməliyyatları, əsas yanğın avtomobilləri ilə döyüş açılışı əyani şəkildə nümayiş olunub.
Dövlət Yanğından Mühafizə Xidmətinin hissələri tərəfindən yanğından mühafizə qurumlarının fəaliyyəti ilə bağlı ictimaiyyətin maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.