CƏMİYYƏT
FHN: Ötən sutka 61 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Bakı, 1 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları ötən sutka 56 halda yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas edilib. Ötən sutka FHN-in qüvvələri yeddi nəfəri xilas ediblər. Həmçinin paytaxtın Xəzər rayonunun Qala qəsəbəsində həyətyanı sahədə dərinliyi təqribən 10 metr olan quyudan 2018-ci il təvəllüdlü Hüseynli Məryəm Taleh qızının cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Nazirlik üzərinə düşən vəzifələrin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.