DÜNYA
Filippin Konqresi Markosu prezident elan edib
Bakı, 25 may, AZƏRTAC
Filippin Konqresi sabiq mərhum diktator Ferdinand Markosun oğlu və adaşını respublikanın 17-ci prezidenti elan edib.
AZƏRTAC istinadla xəbər verir ki, iclasın gedişi ABC-CBN media qrupu tərəfindən yayımlanıb.
Oğul Ferdinand Markos mayın 9-da keçirilən seçkilərdə 31,1 milyon səs alıb. Onun əsas rəqibi vitse-prezident Leni Roberdoya 15 milyon nəfər səs verib.
Bu arada Filippinin hazırkı lideri Rodriqo Dutertenin qızı, Davao şəhərinin sabiq meri Sara Duterte-Karpio respublikanın vitse-prezidenti elan olunub. Oğul Markos və Duterte-Karpio qalib gələcəkləri təqdirdə ölkəni birləşdirəcəklərini, iş yerlərinin sayını artıracaqlarını və qiymət artımının qarşısını alacaqlarını vəd ediblər.
Ata Ferdinand Markos 1965-ci ildən 1986-cı ilədək Filippin prezidenti olub. 1986-cı ildə keçirilən prezident seçkilərində o, yenidən qalib elan edilmişdi. Lakin onun opponenti Korason Akino əhalini kütləvi etirazlara çağırmış, katolik kilsəsinin və ordunun dəstəyini almışdı. Nəticədə hərbi çevriliş baş vermiş, Havay adalarına qaçan Markos ölənədək (1989) orada mühacirət həyatı yaşamalı olmuşdu .