DÜNYA
Finlandiyada gənc türkü yaralayan erməni futbol azarkeşinin qondarma “soyqırımı” bəhanəsi
Bakı, 6 noyabr, AZƏRTAC
Finlandiyanın Turku şəhərində üç həftə əvvəl bu ölkənin futbol üzrə yığma komandasının Ermənistan üzərində 3:0 hesabı ilə inamlı qələbəsindən məyus olan erməni azarkeşlər qonşu tribunadakı finlərin üzərinə petarda atıb, onları təxribata çəkiblər. Ermənilərin xuliqanlığı nəticəsində meydan sahiblərini dəstəkləyən və fin azarkeşlərin arasında olan türk mənşəli şəxs yaralanıb. Finlandiya polisi onu yaralayan Yervand İsmailyan adlı erməni xuliqanı həbs edib.
Bu insidentdən sonra “əzabkeş xalq” öz adəti üzrə riyakar kampaniyaya start verib. AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, ermənilər Finlandiya yığmasının onların komandasının qapısından üçüncü qolu keçirdikdən sonra fin azarkeşlərin təxribata əl atdıqlarını iddia edirlər. Bu, gülməli bəhanədir, çünki adətən qalib gələn komandanı dəstəkləyənlər yox, məğlub olanlar bu cür hərəkətlərə yol verirlər. Uydurulan yalanın inandırıcı olmadığını görən erməni xuliqan dəstəsinin (FAF-Erməni Fanatlar Cəbhəsi) başçısı iddia edib ki, fin azarkeşlərin arasında olan gənc türk 1915-ci ildə Osmanlı imperiyasında qondarma “erməni soyqırımı”nın yalan olması ilə bağlı şüarlar səsləndirib və “əzabkeş xalqın” nümayəndələri bundan narahat olublar. Bundan sonra onun üzərinə petarda atılıb, fin azarkeşlər isə ermənilərə butulkalarla cavab veriblər.
Turku şəhərinin polis departamentində ermənilərin bu sərsəm bəhanəsini cəfəngiyat adlandırıblar. Qeyd olunur ki, hazırda istintaq davam edir və həbsxana kamerasında özünü aqressiv aparan erməni xuliqan tezliklə məhkəmə qarşısına çıxarılacaq. Ermənistan XİN-in sözçüsü Anna Naqdalyan bildirib ki, Finlandiya tərəfi bu ölkənin İsveçdəki konsulunun onunla görüşməsinə icazə verməyib.