CƏMİYYƏT
Fövqəladə hallar naziri Bərdə şəhərində vətəndaşları qəbul etmişdir
Bərdə, 27 iyun (AZƏRTAC, Tahir Ağaməmmədov). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə əsasən, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov iyunun 27-də Bərdə şəhərindəki Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseydə vətəndaşları qəbul etmişdir.
AZƏRTAC xəbər verir ki, qəbulda Bərdə, Tərtər və Ağdam rayonlarının sakinləri ilə yanaşı, həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak etmişlər.
Nazir tərəfindən qəbul edilən 20 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapmış, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir.
Bundan əlavə, kadr məsələləri ilə bağlı 151, digər məsələlərlə bağlı müraciət etmiş 71 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurumlarının rəhbərləri tərəfindən qəbul olunmuşdur.