DÜNYA
Fransada 2,5 ton narkotik maddə tutulmuşdur
Paris, 17 dekabr (AZƏRTAC). Fransanın Val-de-Marn departamentinin Perrö-sür-Marn şəhərində narkotik maddələrin trafiki ilə məşğul olan üç nəfər həbs edilmişdir.
Ölkənin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə polisi uzun müddət izlədikləri cinayətkarları “iş başında” yaxalamışlar. Onlar Fransada rekord miqdarda-2,5 ton narkotik maddəni anbara vurarkən ələ keçmişlər.
Polis rəsmisi həbs olunan cinayətkar dəstənin 26, 27 və 50 yaşlı üzvlərinin “ağ ölüm”ün peşəkar trafikanları olduqlarını bəyan etmişdir. Hər üç cinayətkar qorxulu yükü İspaniyadan keçirməklə Mərakeşdən Fransaya gətirən və yükü “mərakeş çantaları” kimi göstərilən maşını müşaiyət etmişdir. Ələ keçənlərdən biri Mərakeş, ikisi isə Fransa vətəndaşıdır.
Polis tərəfindən müsadirə edilən narkotik maddənin bir kiloqramının qara bazarda 6 min avro dəyərində olduğu bildirilmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris