SİYASƏT
Fransada Azərbaycanla bağlı növbəti radio verilişi Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuşdur
Paris, 31 dekabr (AZƏRTAC). Strasburqda fəaliyyət göstərən “Azərbaycan evi”nin təşkilatçılığı ilə ayda bir dəfə fransız dilində efirə çıxan və Azərbaycana həsr olunan radio proqramının növbəti verilişi səslənmişdir.
AZƏRTAC xəbər verir ki, budəfəki veriliş 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuşdur.
Verilişin aparıcıları Mustafa Alınca və Elvin Abbasbəyli dünyadakı azərbaycanlıların doğma vətənləri ətrafında sıx birləşmələri ideyasının ulu öndər Heydər Əliyevə məxsus olması barədə fransız dinləyicilərinə məlumat vermişlər.
Verilişdə Prezident İlham Əliyevin Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciəti də səsləndirilmişdir.
Aparıcılar, həmçinin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın doğma vətənləri ətrafında daha sıx birləşmələri və təşkilatlanmaları üçün Azərbaycan dövlətinin diqqət və qayğısından danışmışlar.
Verilişdə dünya Azərbaycanlılarının Həmrəylik Gününün müxtəlif ölkələrdə qeyd olunduğu da bildirilmişdir.
Azərbaycanda son günlər baş verən hadisələr barədə məlumatın səsləndirildiyi verilişdə ənənəvi olaraq ölkəmizdə nəşr olunan qəzetlərin xülasəsinə də yer verilmişdir. Verilişdə AZƏRTAC-ın yaydığı xəbərlərdən də geniş istifadə olunur.
Azərbaycanla bağlı növbəti radio verilişi 2013-cü il yanvarın 20-də efirə çıxacaqdır. Həmin veriliş 20 Yanvar faciəsinə həsr olunacaqdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris