SİYASƏT
“FREEDOM HOUSE” ÖZ SƏHVİNİ QİSMƏN DÜZƏLTMİŞDİR
Berlin, 16 yanvar (AZƏRTAC). Kütləvi informasiya vasitələrində dəfələrlə xəbər verildiyi kimi, keçən illərdə Dağlıq Qarabağı Azərbaycanın və Ermənistanın müştərək ərazisi kimi təqdim etmiş “Freedom House” təşkilatı 2010-cu il üçün “Azadlıq xəritəsi” deyilən xəritədə separatçı qurumların bu və ya digər dövlətlərə mənsub olması barədə səhvi qismən aradan qaldırmışdır. Xatırladaq ki, Abxaziya və Cənubi Osetiyanın adından sonra onların Gürcüstanın bir hissəsi, Kosovonun Serbiyanın bir hissəsi, Dnestryanı bölgənin Moldovaya daxil olması həmişə mötərizə içində göstərildiyi halda, Dağlıq Qarabağ eyni zamanda həm Ermənistana, həm də Azərbaycana aid olan və üstəlik, “mübahisəli” ərazi sayılan bir kondominium kimi göstərilirdi.
Azərbaycan ictimaiyyəti dəfələrlə bu fakta etirazını bildirəndən sonra “Freedom House” həmin ərazilərin müvafiq dövlətlərə mənsub olmasını mötərizə içərisində göstərməkdən və onları sərhədlərini fərqləndirməkdən (nədənsə Cənubi Osetiyadan və Kosovodan başqa) əl çəkmişdir. İndi Dağlıq Qarabağ və Dnestryanı bölgə, müvafiq surətdə Azərbaycanın və Moldovanın mübahisəsiz əraziləri kimi göstərilir. Bu, bizi qane edir, hərçənd (“Freedom House”nin fikrincə) ölkədəki ümumi mənzərə ilə müqayisədə həmin ərazilərdə demokratiya ilə bağlı vəziyyət “başqadır”.
Yeni xəritəni bu saytda görə bilərsiniz:
Bununla belə, bəzi suallar qalır. Məsələn, “Freedom House” nəyə görə separatçı qurumlarda vəziyyəti ayrıca nəzərdən keçirir? Məgər bu təşkilat ABŞ-ın bütün ştatlarında, AFR-in bütün əyalətlərində və RF-nin federasiya subyektlərində demokratiyanın vəziyyətini ayrı-ayrılıqda öyrənirmi? Məgər Kvebek, Şotlandiya, Korsika və Kataloniya daxil olduqları ölkələrdən ayrılıqda nəzərdən keçirilirmi?
Azərbaycan ictimaiyyəti “Azadlıq xəritəsi”ndə olan nöqsanlar tamamilə aradan qaldırılana qədər “Freedom House”yə etirazlarını davam etdirməlidir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin