REGİONLAR
Füzulidə şəhid övladları üçün Novruz şənliyi keçirilib
Füzuli, 18 mart, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli rayonunda Vətən müharibəsi şəhidlərinin övladları üçün Novruz bayramı şənliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli Dövlət Dram Teatrında Vətən müharibəsi şəhidlərinin övladları üçün təşkil edilən Novruz şənliyi rayon icra hakimiyyətinin təşkilatçılığı, “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin təşəbbüsü ilə gerçəkləşib. Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, icra hakimiyyətinin, Gənclər və İdman idarəsinin əməkdaşları, “Etika akademiyası”nın Qarabağ üzrə nümayəndəsi və şəhid ailələri iştirak ediblər.
Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, şəhidlərimizin qəhrəmanlıqlarından söz açıb, onların şərəfli ömür yolu və qəhrəmanlıqlarının gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olduğunu vurğulayıb.
Tədbirdə ədəbi-bədii kompozisiya nümayiş olunub.
Sonda şəhid övladlarına hədiyyələr təqdim edilib və tədbir çay süfrəsi ilə yekunlaşıb.