MƏDƏNİYYƏT
Gələn il Mədəniyyətlərarası Dialoq üzrə Bakı Qlobal Tədqiqat Qrupunun yaradılması nəzərdə tutulur
Bakı, 4 dekabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə bu il aprelin 7-dən 9-dək Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələrindən biri olaraq 2012-ci ildə Mədəniyyətlərarası Dialoq üzrə Bakı Qlobal Tədqiqat (Think-Tank) Qrupunun yaradılması və dünyanın bütün qitələrindən məşhur ekspertlərin onun işinə cəlb edilməsi nəzərdə tutulur.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Think-Tank Qrupu tərəfindən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun gündəliyinə daxil ediləcək məsələlərə dair müzakirə sənədlərinin hazırlanması planlaşdırılır.
Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış Think-Tank Qrupunun nizamnaməsinin ilkin layihəsi artıq Azərbaycan, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası və Şimal-Cənub Mərkəzinin nümayəndələrindən ibarət Beynəlxalq İşçi Qrupunun üzvlərinə göndərilmişdir. Bu nizamnamə layihəsi hələlik qrupun fəaliyyətinin ümumi çərçivəsini müəyyən edir, lakin sənədin təfərrüatlarının Forumun beynəlxalq tərəfdaşları ilə müzakirə olunduqdan sonra yekun variant kimi qəbul edilməsi və 2012-ci ilin aprelində təsis konfransının keçirilməsi nəzərdə tutulur.
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hər iki ildən bir keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2011-ci ilin mayın 27-də imzalanmış Fərman ilə Mədəniyyət və Turizm Nazirliyi Forumun təşkilində əlaqələndirici qurum kimi müəyyən edilmişdir.