İDMAN
Gənc boksçularımız Avropa birinciliyində uğurla çıxış edirlər
Bakı, 13 avqust (AZƏRTAC). Xəbər verildiyi kimi, Hollandiyanın Rotterdam şəhərində boks üzrə gənclər arasında Avropa birinciliyi keçirilir.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan milli boks komandası baş məşqçisi Şamil Alimcanovun, məşqçilər Vidadi Tağıyev və Natiq Talıbovun rəhbərliyi altında yarışda on nəfərdən ibarət heyətlə çıxış edir.
Çempionatın birinci günündə üç idmançımız rinqə çıxmış və üçü də uğur qazanmışdır.
Nəsrəddin Məmmədov (56 kq) İsveçrə boksçusu Əhməd Altintaşa üzərində qələbə qazanaraq 1/8 mərhələsində Erik Aqateljanla (Çexiya) qarşılaşacaqdır.
Valeh Məmmədli (81 kq) Miko Xaşaturyanı (Belçika) məğlub edərək növbəti oyunda Adem Fetaxoviçlə (Bosniya) üz-üzə gələcəkdir.
Digər idmançımız Rəhil Məmmədli (60 kq) Gürcüstan boksçusu Qiorqi Qiorqadzeni məğlub etmişdir. İdmançımız 1/8 finalda Rəsul Kruçko (Türkiyə) ilə qarşılaşacaqdır.
İdmançımız Sadiq Məmmədov (91 kq) isə Tomas Omenlə (Hollandiya) qarşılaşacaqdır.
Gənclər arasında boks üzrə Avropa birinciliyi avqustun 17-də başa çatacaqdır.