MƏDƏNİYYƏT
Gənc rəssam Afət Bağırovanın fərdi rəsm sərgisi açılacaq
Bakı, 14 sentyabr, AZƏRTAC
Sentyabrın 16-da Bakıda gənc rəssam Afət Bağırovanın retrospektiv fərdi rəsm sərgisi açılacaq.
AZƏRTAC xəbər verir ki, “Port Baku Mall”da gerçəkləşəcək sərgidə rəssamın müxtəlif mövzulu sənət əsərləri nümayiş olunacaq. Ekspozisiyaya təqdim olunacaq sənət əsərləri rəssamın 4 illik zəhmətinin bəhrəsidir. Rəssam əsərlərində vizual surətlərdən istifadə edərək anlayışımızda xaos yaradır. Hər əsərin dəqiq bir məna daşıması məcburiyyətində olmasına əmin olmağımız bizi məntiqi labirintə salır, rəssam isə bu labirinti sındırmağa cəhd edir. Onun əsərlərində heç bir hadisə izah olunmur.
Fırça ustası sənət əsərlərində ən çox müasir quraşdırmalar ilə eksperiment apararaq foto və video janrlarına üstünlük verir.
Qeyd edək ki, hər kəsin iştirak edə biləcəyi sərgi oktyabrın 2-dək davam edəcək.